Xamneyi Türkiyəni hədəf alan xüsusi göstəriş verib

Suriyada baş verənlər fonunda İranın atdığı addımlar getdikcə daha çox diqqət cəlb etməyə başlayıb. Çünki Bəşər Əsəd rejiminin ömrünün uzanmasında bu gün İran əsas tərəflərdən biri kimi çıxış edir. Bu fonda BMT İranı Suriyaya silah yardımı etməkdə ittiham edir. Birləşmiş Ştatlar Suriyada kimyəvi silah anbarlarının təhlükəsizliyi məsələsindən narahatdır. Rusiya Xarici İşlər Nazirliyi isə bəyan edir ki, Qərb Rusiyanı Suriya məsələsinin həllində BMT Təhlükəsizlik Şurasının səylərinə mane olmaqda ittiham etməklə riyakar mövqe tutur:     ”Cenevrədə qəbul olunmuş yekun sənəddə bildirilir ki, Suriya üzrə fəaliyyət qrupunun bütün üzvləri milli barışıq prosesinin başlanması üçün həm Suriya hökuməti, həm də müxalifətlə işləmək barədə razılığa gəlib. Bu yaxınlarda biz Nyu-Yorkda fəaliyyət qrupunun münaqişə tərəflərini hərbi əməliyyatları dayandırmağa və siyasi dialoqa başlamağa səsləyən bəyanatını qəbul etmək təklifi ilə çıxış etdik. Bizim qərbli tərəfdaşlarımız belə bəyanatın qəbul olunmasını müzakirə etməyə belə razı olmadıqlarını bildirdilər. Bununla onlar Cenevrə razılaşmasını pozur və sənədin köhnəldiyini diqqətə çatdırmaq mstəyirlər”.     Məsələni şərh edən Türkiyənin “Strategic Outlook” araşdırma platformasının eksperti və analitiki Mehmet Fatih Öztarsu Suriyadakı böhrandan sonra Qərbin İranla müharibəyə başlayacağı ehtimalına dair bildirir: “Bu məsələ Böyük Orta Şərq layihəsi fikrinin ortaya atılmasından bəri müzakirə olunan bir mövzudur. Və gördüyümüz kimi, nəzərdə tutulan bütün qurama nəzəriyyələr bir-bir həyata keçirilməkdədir. Çünki Əfqanıstanın işğalı başladığı vaxt bu işin Suriyaya və İrana da gedib çıxacağını bəyan edən ekspertlərin haqlı olduqlarını görürük. Lakin bu layihə üçün nəzərdə tutulan ölkələrin elə də “asan loxma” olmadığı aşkardır. Çünki Suriya böhranı Misirə və Liviyaya bənzəmir. Burada keçilməli olan maneələr çoxdur. İran isə ondan daha mürəkkəb bir ölkədir. Unutmayaq ki, tarix boyunca İranı işğal edən və burada hökmranlıq edən dövlətlər qısa bir vaxt ərzində əriyərək ya iranlılara bənzəmiş, İran coğrafiyasına assimilyasiya olunmuş, ya da bu torpaqlardan tamamilə çəkilib getmişlər. Ona görə də, İranla bağlı nəsə demək hələ tezdir. Lakin ona da diqqət yetirmək lazımdır ki, İranda etnik qruplar da artıq ehtimal olunan işğalın nə zaman baş verəcəyi ilə maraqlanmağa başlayıb”. 

   Ekspert bildirir ki, Türkiyə Qərb ittifaqına daxil olan ölkə kimi öz mövqeyini qoruyacaq: “Çünki onsuz da bu sahədə öhdəlikləri də mövcuddur. Bütün bölgəni maraqlandıran bu böhranla bağlı Azərbaycanın mövqeyinin də Qərbin mövqeyinə yaxın olması mümkün ola bilər, lakin bitərəf münasibətin nümayiş etdirilməsi də ehtimal olunandır. 

   Hətta İran məsələsi ilə birlikdə Azərbaycanın əhəmiyyəti daha da artacaq. Burada etnik türk əhalinin olması birbaşa olaraq Azərbaycanın marağındadır. Bu gün Ermənistan da, İrana hər hansı hücum olacağı təqdirdə, bitərəfliyini qoruyacağını bəyan edir. Çünki Ermənistanın cənub sərhədi də bağlanarsa, İranın işğalı ilə birlikdə Ermənistan da böyük zərərə uğraya bilər. İranla müharibə müzakirələrinin aparıldığı bir vaxtda İrəvan-Tehran münasibətlərində də görünməmiş irəliləyiş var”. 

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: Free Web Space | Thanks to Best CD Rates, Boat Insurance and software download