Oralarda kimlər var : Ənvər Paşa

08 oktyabr 2008-ci il ƏDALƏT qəzetindəki RAŞİD BƏYİN “VƏFA”sı yazımızdakı ön sözdə deyilirdi: 90 il əvvəl türk əsgərlərinin Bakını və Azərbaycanı qətliamdan xilas etməsinə həsr olunmuş yeni bir bəlgəsəl çəkilmişdir. Bəlgəsəl keçdiyimiz günlərdə Türkiyə Böyük Elçiliyində nümayiş etdirildi. Bu əlamətdar gündə Ənvər Paşanın nəvəsi də filmin nümayişi vaxtı seyrçilərin arasında idi…Türkiyəli yazarlar Mehmet Fatih Öztarsu və Hakan Boz bizim qonağımız olan Ənvər Paşanın həmin nəvəsi Arzu xanım Ənvərlə görüşmüş və bir neçə suala ondan cavab almışlar. Birinci düşüncədən olan bu cavabların bizim üçün də maraqlı ola biləcəyini nəzərə alıb oxucularımıza təqdim etməyi məsləhət bildik. Söyləşini bəyənərək və ibrətlə oxuyacağınız ümidiylə.

***
- Ənvər Paşa kimdir? Şəxsiyyəti və xarakteri haqqında bizə nələri söyləyə bilərsiniz?

– Atam Ali Ənvərin atası, yəni dədəm Ənvər Paşa Osmanlı dövlətinin son dönəmində yetişən qəhrəmanlardandır. Avropalıların XƏSTƏ ADAM deyə dəyərləndirdikləri bu adam möhtəşəm dövlətimizi cəsur və radikal fikirləriylə keçmişdə qalan görkəmli günlərinə döndərmək məqsədiylə böyük bir mübarizə içində yaşamışdır. Qərarlılığı, cəsarəti və bacarığı ona böyük uğurlar qazandırmış, bu uğurlar ölkəsinə uluslararası şöhrət gətirmişdir. Ordusuna və dövlətinə layiq bir lider olmuşdur. ƏNVƏR PAŞA BİR CƏNGAVƏR OLARAQ DOGULMUŞ VƏ BİR QƏHRƏMAN OLARAQ DA ÖLMÜŞDÜR…

Bütün həyatını və varlığını Türk millətinin azadlığı uğrunda vuruşlarda vermiş, bunun ucbatından çox sevdiyi ailəsindən illərlə ayrı qalmışdır. Düşənbədə ondan heç ayrılmayan igid əsgərlərin qabağında düşmənlərə hücum edərkən gənc yaşında şəhid olmuşdur. Qısaca, dədəm insani dəyərləri çox yüksək bir lider, bilikli, zəki, gələcəyi görən bir əsgər, Türk millətlərinin hürriyyətlərinə qovuşması üçün savaşan böyük bir qəhrəmandır.

- “Təşkilat-ı Mahsusa”da ölkəsinə xidmət etmiş, zaman-zaman birlikdə çalışan, fəqət fərqli vəzifələri və məsuliyyətləri olan Ənvər Paşa ilə Mustafa Kamal Paşa bəzi yazar-çizərlərcə nədən müqayisə edilirlər?

– “İttihat Tərakki”nin və Osmanlı ordusunun qəhrəmanlarından olan dədəm və Mustafa Kamal fərqli iki xarakterə sahib liderlərdir. İkisi də 1881-ci ildə doğulmuşlar, yaşıddırlar. Ənvər Paşa ilə Atatürkün getdiyi yol Birinci Dünya Savaşı sonuna qədər eyni olmuşdur. Əsgər və dövlət adamı olaraq vəzifələrdə daha çox uğur qazanan və daha tez irəliləyən Ənvər Paşa Çanaqqala Savaşında ordu komandiri olarkən Atatürk Anafartalar Cəbhəsini müdafiə etmişdi. Onlar Məşrutiyyətin elanında, Balkan Hərbində, Trablusqarbda birlikdə vuruşmuşdular. İkisi də Osmanlı dövlətinin taleyində önəmli rol oynamışdılar. Yüksək əsgəri dühaları, öndərlikləri, cəsarətləri və o tarixi zamanlarda verdikləri qərarlara görə hər zaman qarşılaşmışlar. Ənvər Paşa əsgəri karyerasında başarıları, qərarlılığı, sərt baxışları nədəniylə sürətlə yüksəlmiş, çox gənc yaşında Osmanlı İmperatorluğu orduları baş komandanı vəkilliyinə alınmışdır. Yaratdığı ordu və təşkilatlarda isə Mustafa Kamala vəzifələr vermiş, birlikdə çox zəfər və uğurlara imza atmışlar. Yetişdirdiyi komandirlər və qəhrəman Türk Ordusu daha sonra Mustafa Kamalın başçılığı ilə qurtuluş savaşını qazanmışdır.


ƏNVƏR PAŞA VƏ MUSTAFA KAMAL

- Ənvər Paşanın Milli Mücadiləni Sovetlər üzərindən dəstəklədiyini görürük. Bu fəaliyyətlər nələrdi?

– Dədəm Ənvər Paşa İtilaf ordularının İstanbula gəlməsindən sonra bir dənizaltı gəmiylə Almaniyaya, oradan da Rusiyaya keçmişdir. Bolşeviklərlə razılaşaraq Anadolu hərəkatına silah dəstəyi axtardı. Qurtuluş Savaşını idarə edənlər məktub yazıb hər türlü dəstəyi verəcəyini, əsgər göndərə biləcəyini, lazım gəlsə sıravi əsgər olaraq cəbhədə vuruşa biləcəyini bildirdi. Amma kimsə onun məktublarına cavab yazmadı. Bunlar dədəmdən qalan məktublarda var və hamısı yavaş-yavaş açığa çıxacaq. Dəfələrlə Ali Bəy adı altında Rusiyaya təyyarə ilə keçməyə çalışmış, təyyarəsi düşürülmüş, hamısı atılmış olmasına baxmayaraq sonunda Moskvaya çatmışdır. Rusiyada inqilab qalib gələndən əvvəlcə onu çox gözəl qarşılamışlar, sonrasında onun bir kukla olmayacağı və niyyətinin Türk ordularına yardım və birlik olduğu anlaşıldığında isə düşman elan edilmişdir. Türküstandakı dağılmış Türk qüvvələrini bir yerə toplayıb bir ordu yaratmış və onun komandiri olmuşdur. Rus ordusuna qarşı Müsəlman Türk dövlətlərinin azadlığı üçün vuruşmuşdur.

- Ənvər Paşanın Naciyə Sultana göndərdiyi məktublarda Türküstan mücadiləsi barədə nələr var?

– Dədəmin atamın anasına yazdığı məktublar onun vətənsevərliyinin, cəsarətinin və ruh yüksəkliyinin bir ifadəsidir. Yazdıqları Rus ordusunun böyük gücünə, Türk quvvələrinin onlarla müqayisə edilməyəcəyinə, əsgərlərin sayının və silahların az olmasına və dağınıqlığına baxmayaraq, bir gün belə heyfsilənmədiyini və mütləq zəfər inancını itirmədiyini göstərməkdədir. Məktublarında sonsuz sevdiyi biricik həyat yoldaşının və övladlarının həsrətini çox çəkdiyini, onlardan uzaq qaldığı üçün əziyyət çəkdiyini, amma yaxın zamanda onlara zəfərlə dönəcəyini yazmaqdadır.

- Ənvər Paşa haqqında yazılıb-cizilən tənqidləri necə dəyərləndirirsiniz?

– Ənvər Paşa haqqında keçmişdən bu günə qədər çox müxtəlif fikirlər söylənmişdir. Qazanılan savaşlarda dədəmin ismini yazmırlar, çünki oralarda qəhrəmanlıq dastanı yazıldı. Çanaqqalada da orduların komandiri Ənvər Paşadır. Atatürkü oraya göndərən dədəmdir. Qurtuluş Savaşında vuruşan əsgərlərin əsasını İttihat və Tərəqqiyə məxsus insanlar təşkil edir. Trablusqarpda da onlar olublar. Libyalıların italyanlara qarşı verdiyi mücadilənin toxumları buralarda atılmışdır.

Orta Asiyada yeddi ayrı yerdə Ənvər Paşa adına türbə tikilmişdir. Bu, Ənvər Paşanın bütün türklər tərəfindən nə qədər sevildiyini göstərir. Bu gün artıq bir çox tarixi sənəd arxivlərdən çıxarılarkən gerçəklərin ortaya çıxması məni çox sevindirir. Arxivdəki sənədlərə əsaslanmayan, yanlış söylənilən və yazılan, gerçək olmayan şeylər artıq öz əhəmiyyətini itirməyə başlamışdır. Bu səbəblə əskidən mühakimə olunmadan məhkumluğu ifadə edən o sözlərin artıq heç bir dəyəri qalmır mənim gözümdə. Bu həqiqi gerçəklərin ortaya çıxıb dədəmə əsl dəyərinin verilməsi iade-i etibardır.

- Vəzifəsi və inandığı dəyərlər uğrunda qırx yaşından bir az artıq ömür yaşamış, at belində şəhid edilən Ənvər Paşanın Müsəlman Türk gəncliyinə buraxdığı mənəvi mirası nədir?

– Dədəmin Müsəlman Türk gəncliyinə verdiyi ən böyük miras Türk millətinin ucalığına olan inancın heç bir zaman itirilməməsini yaşatmaqdır. Tariximiz bu inam uğruna verilən savaşlar və qəhrəmanlıqlarla doludur. Ən çətin və imkansız görünənlər belə, bu güclü inanc və birliyin qarşısında itib getmişdir. Ənvər Paşa arvadını və iki uşağını Almaniyada buraxaraq Osmanlını düşdüyü ağır vəziyyətdən qurtarmaq üçün Rusiyaya getmiş, bu ölkədə görüşlər keçirmişdir. Ancaq onlarla dil tapa bilməyəcəyini anladıqdan sonra Orta Asiyaya gedərək oradakı türkləri birləşdirib güclü bir dövlət qurmaq istəmişdi. Güclü bir dövlətin komandanı olaraq da topladığı əsgərlərlə Osmanlını bu ağır vəziyyətdən qurtarmaq istəyirdi. Almaniyada ona vəd edilən bütün imkanlardan imtina etmişdi. Turan ölkəsini yaratmaq üçün Rusiyadakı türk cümhuriyyətlərinə üz tutmuşdu. Rusiyada qaldığı vaxtlarda bir neçə dəfə həbs edilib türmədə yatan Ənvər Paşa sonunda Türküstana çatmağı bacarmış və oradakı bəylikləri üsyana qaldırmışdır. Ancaq rusların qəfil etdikləri bir hücum sırasında əlində qılınc ətrafına topladığı insanların gözləri qarşısında düşmənlərin üzərinə getmiş və öldürülmüşdür. Qəhrəman dədəmi və igid əsgərləri ölümün gözünə diri-diri baxmağa ruhlandıran onların inancları, amalları və məqsədləri olmuşdur. Tökülən qanlar və itirilən həyatlar boşuna olmamışdır. Ənvər Paşa və digər qəhrəmanlar unudulmamalı və örnək olmalıdırlar.

ARZU ƏNVƏR SADIQOGLU KİMDİR?

1955-ci ildə doğuldu. Ənvər Paşanın ölümünün üzərindən 44 il keçmişdi. Ənvər Paşa tək oğlu olan Əlinin doğumundan qısa bir sürə sonra ruslar tərəfindən öldürülmüşdü.

Dədəsini heç görməyən Arzu Ənvər də atasıyla uzun bir müddət birlikdə olmamışlar. 1939-cu ildə Naciyə Sultanın bir qohumunun araya girməsiylə Ənvər Paşanın arvadı və uşaqlarına (Türkan, Mahpeyker, Əli) Türkiyəyə qayıtmaq izni verilmişdir. Atalarının adını soyad olaraq qəbul etmişlər.

Əli Ənvər bununla kifayətlənməmiş, orduya getmiş, uzun müddət ordu sıralarında xidmət etdikdən sonra imtahan verib kurmaylıq qazanmış, ancaq Ənvər Paşanın oğlu olduğu üçün rədd edilmiş, o da istefa etmişdir. Vətəndən uzaqlardakı xidməti vaxtı təsadüfən bir dərədə başına daş düşdüyündən vəfat etdiyində atasından sadəcə 10 yaş böyük idi. (Ənvər Paşa 41 yaşında vəfat etmişdi).

Arzu Ənvərin vaxtsız itirdiyi üçüncü adam isə həyat yoldaşı olmuşdur. Aslan Sadıqoğlu ilə ailə qurduqdan 18 il sonra həyat yoldaşı ürək xəstəliyindən dünyasını dəyişmişdir.


TOFİQ ABDİN

http://www.adalet-az.com/new/2008/10/22/read=26671

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: Free Web Space | Thanks to Best CD Rates, Boat Insurance and software download