Ermənistanın Türkiyə ilə ərazi mübahisələri rəsmiləşdi

Ermənistanın Baş prokuroru Ağvan Ovsepyan bir neçə gün bundan əvvəl Türkiyəyə və Azərbaycana qarşı torpaq iddiası ilə çıxış etdi. Bu çıxış isə Ermənistanın qonşularına qarşı münasibətini bir daha ortaya qoydu. Türkiyənin “Strategic Outlook” araşdırma platformasının eksperti və analitiki Mehmet Fatih Öztarsu sözügedən açıqlamadan sonra rəsmi İrəvanın qonşularına qarşı irəli sürdüyü ərazi iddialarını şərh edib.

“Zaman” qəzeti bu barədə yazır ki, yarandığı ilk gündən etibarən Azərbaycanla Qarabağ və Naxçıvan, Gürcüstanla Lori və Axıska, Türkiyə ilə Qars və İqdır üçün mübarizəyə girişən və hamısından böyük zərbələr alan Ermənistan Respublikası həmin dövrdə də bu gün olduğu kimi hərbi-siyasi rejim üzündən kiçik bir bölgəyə həbs olunmuşdu.  1991-ci ildən Azərbaycanla birbaşa müharibəyə başlayan Ermənistan tarixi davam etdirmək üçün Türkiyə ilə “soyqırım”, Gürcüstan ilə də “tarixi Ermənistan torpaqları” üzərində qurduğu əlaqələr şəbəkəsinin ortasında hərəkətsiz vəziyyətdə qalmışdır.
Ermənistanın müstəqilliyinin ilk günündən başlayaraq hərbi qrupların təsiri ilə idarə olunması daxildə də böyük problemlərin ortaya çıxmasına səbəb olmuşdur. Hərbi xidməti başa vurub Qarabağdan İrəvana qayıdanların qəhrəman kimi qarşılanması və onların siyasi arenaya daxil olaraq ölkəni idarə etmək istəməsi bəzi qərbyönümlü analitiklərin fikrincə, “ikinci soyqırım”a gətirib çıxarmışdır. Oliqarxları bəsləməyə davam etmək üçün sağlam bir xarici siyasət qurmağa zaman tapa bilməyən İrəvan hərbi-siyasi rejiminin məntiqi ilə dünyanı hələ Birinci Dünya Müharibəsi dövrünün eynəklər ilə izləyir.  Şərtlər nə olursa-olsun inanılmaz bir əzmlə Türkiyəni parçalama layihəsini həyata keçirmək istəyən erməni zehniyyəti bu gün Qafqazda da sehrli bir təsir yaradacağına inanır.
Apardığı hər cür siyasətdə Vudrov Vilson və Sevr anlaşmasına bol-bol istinadlar edən İrəvan rəhbərliyi Türkiyə cümhuriyyəti öncəsi və sovetlər dövründə imzalanan heç bir anlaşmanı tanımadığını ifadə etsə də bu yanaşmasını ASALA terroruna qarşı göstərməkdə xəsislik göstərir. Ermənilərə görə ASALA tarixdə qalmış bir məsələdir. Lakin Sevr hələ etibarlılığını saxlayan bir anlaşmadır.
Serj Sarkisyanın ikinci prezidentlik dövründə daxili siyasətdəki hərbi-siyasətçi ənənəsi yerini yavaş-yavaş oliqarx despotizminə buraxır. Lakin xarici siyasətdəki dik duruşda hər hansı bir dəyişiklik sərgilənmir. Türkiyənin ermənilərlə dialoq qurmaq üçün fərqli ölkələrdə keçirdiyi konfranslara ictimai xadimlərin iştirakına hər cür maneə törədən Ermənistan bir çox adamı da “Türkiyə və Azərbaycan agentləri” ittihamı ilə həbs edib.  Bu da xalq içərisində böyük qorxu yaradır. Ermənistanın həyata keçirdiyi təzyiq siyasət yalnız öz vətəndaşlarına yönəlik deyil.  Moldovalı ombudsman Aurelia Qriqoriuya ona edilən təhdid və şantajlara görə İrəvandan çıxa bilməmişdi.
Ölkədə Moldova diplomatik nümayəndəliyi olmadığına görə Rumıniya və Gürcüstan diplomatik nümayəndələrinin məsələyə qarışmasından sonra o Ermənistandan çıxa bildi. Qonaq edildiyi ölkədə ifadə azadlığından istifadə etdiyi üçün  ölümlə təhdid edilən moldovalı ombudsmanın yaşadıqları Ermənistan üçün böyük bir ayıb olaraq tarixə keçmişdir.
Bu hadisənin erməni mediası tərəfindən ört-basdır edilməyə çalışılması tamam başqa bir komediyaya çevrildi. Bəzi erməni media orqanları onun öz istəyi ilə İrəvanda qalmaq istədiyi, parlamentdəki çıxışına görə peşman olub üzr istəyəcəyini, bəziləri isə qonağın müxtəlif sağlamlıq problemlərinin olduğunu yazdı. Mövzunun dünya mediası tərəfindən müzakirə edilməsinin qarşısını almaq üçün hərəkətə keçən rəsmi İrəvan isə aqressiv tonunu artıraraq Türkiyə və Azərbaycana qarşı ərazi iddialarının olduğunu gündəmə gətirdi.  Qalmaqalı örtməyə çalışan erməni səlahiyyətliləri mediada 1915-ci il ilə əlaqədar faciəvi əhvalatlardan və Türkiyənin təzyiq siyasətindən bəhs edən xəbərlərin yayılmasını təmin etdi.
Ermənistanı ağır vəziyyətdən xilas edəcək tək yol mövcud hərbi-siyasi rəhbərliyin səhnədən çəkilməsi və Qərb dəyərləri mənimsəyən gənc heyətin ölkə rəhbərliyinə gəlməsidir. Bu həm Erməni xalqının, həm də bölgə xalqlarının təhlükəsizliyi üçün lazımdır. Lazımlı dəyişikliklər Ermənistanın daxili və xarici siyasətinin də sağlam bir şəxsiyyətə qovuşmasını təmin edəcək.
You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: Free Web Space | Thanks to Best CD Rates, Boat Insurance and software download