Qafqaz’ın Kaliningradı

“R+”un müsahibi Mehmet Fatih Öztarsu Cənubi Qafqazın hər üç ölkəsində yaşamış və təhsil almış yeganə türk mütəxəssisdir. “Strategic Outlook”, düşüncə mərkəzinin həmsədri olan M.F. Öztarsunun region ölkələrində analitik nəşrləri dərc olunmaqdadır. Türk analitikin bu yaxınlarda çapdan çıxmış “Ama hangi Türkler ve Ermeniler” adlı kitabı istər Türkiyə, istərsə də Ermənistanda geniş əks-səda və ziddiyyətli reaksiya doğurub. Buna görə də M.F. Öztarsu ilə söhbətimizə məhz həmin kitabdan başladıq.

- Mümkünsə, deyərdiniz, “Ama hangi türklər və ermənilər” kitabi nədən bəhs edir, kitab ətrafinda yaranmış ajiotaj nəylə bağlıdır? 

- Kitab Ermənistan və erməni məsələsiylə bağlı mənim müşahidələrimi əks etdirir. Ermənistanda yaşadığım müddət ərzində əldə etdiyim təcrübələrin kitab şəklində insanların istifadəsinə təqdim edilməsi lazım idi. Əsərdə Ermənistanla əlaqədar ağıla gələ biləcək hər cür suala cavab tapa bilərsiniz. Kitab iki hissədən ibarətdir: Ermənistanda cəmiyyətin psixoloji vəziyyətinə mütəxəssis baxışı və ölkədəki siyasi münasibətlərin analizi. Kitabın türk dilində yazılmış olmasına baxmayaraq, Ermənistanda kitaba qarşı maraq və erməni dilinə tərcümə edilməsinə tələb oyatdı. 

- Müzakirələr onu göstərir ki sizin kitabda Türkiyənin erməniləri yaxından tanımasına müəyyən çağırışlar var. Ancaq Ermənistan türk tərəfinin son dövrlərdəki müsbət addımlarına və xoş niyyətinə Türkiyəyə qarşı ərazi iddiası daxil olmaqla bir sıra iddialarla cavab verdi…

- Sülh notları yalnız ermənilərə ünvanlanmayıb. Türkiyə olaraq on illərdir məruz qaldığımız ittihamları aşma yolunda təklifləri ehtiva edir desək, daha doğru olar. Kök salmış problemləri təcili olaraq həll etməyimiz və bölgədə daha təsirli bir ölkə olmamız lazımdır. Bunun yolu da, erməni cəmiyyətinin öyrənilməsi və ortaq həll təkliflərinin yaradılmasından keçir. Çünki bu gün Türkiyədə Ermənistanı tanıyan və insanların orada necə yaşadığını bilən çox az mütəxəssis var. Bu isə son nəticədə Türkiyənin əleyhinə işləməkdir. İndiyə qədər Türkiyə nə etdisə, uğurlu ola bilmədi. Demək ki, başqa yolların sınanması lazımdır.
Hal-hazırda qarşılaşdığımız iki problem var. Birincisi, Türkiyədən artıq rəsmi olaraq torpaq tələb edən İrəvan rəhbərliyi. İkincisi isə, Türkiyəni tanımadığı üçün böyük ölçüdə türk əleyhdarı olan bir ictimaiyyət. Kifayət qədər uzun müddətdir ki, ölkə rəhbərliyi qarabağlı hərbi keçmişi olan idarəçilərin əlindədir. Başqa sözlə, biz hələ də millətçilər tərəfindən idarə olunmayan bir Ermənistanı görə bilməmişik. Amma bu dəyişə də bilər. Çünki Türkiyə və Azərbaycanla yaxşı münasibətlərin qurulması lazım olduğunu müdafiə edən müxaliflər var.
İctimai fikirə gəldikdə isə, hələ çox bu cür kitablar yazılmalıdır. Mən kitabda bu xalqın sağlam olan və olmayan ruhi vəziyyətini, doğrularını və səhvlərini bütün istiqamətləriylə göstərirəm. Əhəmiyyətli olan, doğru diaqnozu qoyaraq bu gün Türkiyəyə qarşı xəstəlikli bir ruh halına sahib olan erməni xalqının anti-Türkiyə mövqeyini aradan götürməkdir. Bunun üçün də məqbul bir müzakirə mühitinə çəkilməsini təmin edə bilmək lazımdır.

- Ermənistan rəhbərliyi bu yaxınlarda ölkənin Gömrük Birliyinə girəcəyini bəyan etdi. Erməni mütəxəssislərinin özləri bu addımı Ermənistanin Qərbə yönəlməklə təhdid etdiyi Rusiyaya təslimi kimi qiymətləndirir. Siz necə düşünürsünüz?

- İlk baxışda İrəvanın təslimiyyəti olaraq görülə bilər. Hətta təslimiyyət sözünü biz deyil, erməni müxaliflər istifadə edir. İrəvanda Gömrük Birliyi əleyhinə nümayişlər təşkil edildi. Yeri gəlmişkən, bu etiraz aksiyalarında fəal iştirak iki şəxs – İrəvan Mətbuat Klubunun layihə koordinatoru Haykak Arşamyan və “Transparency International” Antikorrupsiya Mərkəzinin üzvü Suren Saqatelyan naməlum şəxslərin hücumuna məruz qalaraq döyüldülər. Buna qədər Rusiyanın təzyiqi energetika sahəsində cəmləşmişdi. Qış gəlmədən, ya inqilab olmalıydı, ya da İrəvan Gömrük Birliyinə girməyi qəbul etməliydi. Enerji böhranı böyüdükcə müxtəlif sahələrdə etirazlar da böyüyür, xalq iqtidar və oliqarxlara qarşı qiyama başlayırdı. Başqa bir alternativ olmadığı üçün bu istiqamətdə qərar qəbul edildi. Lakin bu qərar qəbul edilərkən xalqın fikri öyrənilmədi. Ermənistanın təhlükəsizlik sahəsində üstünlüklər əldə edəcəyi deyilir. Onsuz da Ermənistan Rusiyanın qoruması altındaykən, bu ifadənin yayılmasının yeganə məqsədi xalqa xəyali bir düşmən qəbul etdirərək onu qorxutmaq və bu seçimin müsbət bir addım olduğuna inandırmaqdır. Serj Sarqsyanın çarəsizliyi burada meydana çıxır. Bu, “qarabağ klanı”nın idarəçilik ənənəsinin də iflas etdiyini və ümumilikdə, Ermənistanın xarici siyasətinin çökdüyünü göstərir. Əlbəttə, yalnız təhlükəsizlik deyil, iqtisadiyyat və energetika başda olmaq üzrə bir çox sahədə Moskvanın çəkisi artacaq və Ermənistan Qafqazın Kalininqradı olacaq.

- Mütəxəssislər arasında mövcud olan rəyə görə, Ermənistanın Gömrük Birliyinə daxil olması, Ermənistan və Türkiyə arasında münasibətlərin yaxşılaşmasına bir qədər mane ola bilər. Siz bu fikirlə razısınızmı? 

- Belə bir vəziyyət ola bilər, lakin Moskva İrəvanın Ankarayla yaxınlaşmasını da istəyə bilər.
Onsuz da iplər əvvəllər də Mos-kvanın əlində idi. Artıq rus mənfəətləri necə istəsə, işlər elə gedəcək. Bundan başqa, İrəvan Gömrük Birliyinə girməzdən əvvəl də Türkiyə ilə əlaqələri nəzərdən keçirmirdi. Regionda sıxışaraq Rusiyanın şantajlarından bezmiş olan Ermənistan, eyni zamanda, Avropa Birliyi ilə çox əhəmiyyətli mərhələlərdən keçmişdi. Yəni Ermənistan müxalifətinin dediyi kimi, Qərb ölkələriylə yaxınlaşma mövzusu bir alternativ olaraq düşünülməmiş kimi görünür. Vladimir Putinin Bakı səfəri və Azərbaycanın ordu gücünün daha da artması Ermənistanın tələsik qərar verməsinə gətirib çixardı. Artıq Türkiyə ilə əlaqələr mövzusunda İrəvanın müstəqil dövlət kimi söyləyəcək sözü yoxdur.

- Ermənistan umid edir ki, Gömrük Birliyinə girməyi ona Rusiya tərəfindən Qarabağ mövzusunda böyük dəstək verəcək. Siz nə düşünürsünüz?

- Sarqsyan Gömrük Birliyinə girilməsinin Qarabağ məsələsiylə əlaqədar olduğundan və regionda təhlükəsizliyin təmin olunacağından bəhs edir. Bu mülahizə çox da inandırıcı deyil. Əsas inandırıcı olan, bəzi erməni mütəxəssislərinin Avropa Birliyi ilə əlaqədar sözləridir. Bəzi erməni mütəxəssislərinin Avropa Birliyi ilə əlaqədar sözləridir. Onların fikrincə, AB, Ermənistanın başqa ölkələrin ərazi bütövlüyünə hörmət etməsi şərtini təqdim edirdi. İndi isə, məsələ Gömrük Birliyinin hal-hazırkı (Rusya, Belarus, Qazaxıstan) və potensial üzvlərinə bu məsələyə dair mövqeyidir. Düşünürəm ki, bu sualın cavabını indidən axtarmaq lazımdır.

- İndiki halda Azərbaycan nə etməlidir? Azərbaycanın xarici siyasəti haqqında nə deyə bilərsiniz?

- Azərbaycan balanslaşdırılmış siyasətini müvəffəqiyyətlə davam etdirir. Lakin Qarabağ məsələsində daha diqqətli addımlar atılmalıdır deyə düşünürəm. Sarqsyan anidən Qarabağı müstəqil dövlət olaraq tanısa və Rusiya bu hala imkan versə, vəziyyət çətinləşə bilər. Ermənistan, Moldova və Ukrayna kimi ölkələrə qarşı güc mövqeyindən çıxış edən Rusiya, Azərbaycan və Türkmənistan kimi ölkələrə münasibətlərdə iqtisadi tərəfdaş roluna üstünlük verməkdədir. İkinci halda Rusiya Avropa İttifaqını bölgədən çıxara bilmək üçün iqtisadi monopoliya qurmağa çalışır. Bunlardan belə nəticəyə gəlmək olar ki Aİ ilə münasibətlərdəki əvvəlki qətiyyət Azərbaycanın ancaq xeyrinədir.

Çingiz MƏMMƏDOV

http://www.regionplus.az/az/articles/view/2282

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: Free Web Space | Thanks to Best CD Rates, Boat Insurance and software download