İran Qarabağ prosesinə niyə qatılır?- Аналитика

Fatih Öztarsu: «Tehran Azərbaycandan çəkindiyi və regionda söz sahibi olduğunu göstərmək üçün vaxtaşırı addımlar atmağa çalışır»…İran Qarabağ münaqişəsinin həllində vasitəçi olmaq üçün yenidən məsələni gündəmə gətirməyə başlayıb. Rəsmi Tehran bir ildən artıqdır ki, səsləndirdiyi bu fikirlərə Bakıdan müsbət cavablar alsa da, Ermənistandan yetərli yanaşmanı görə bilmir. Azərbaycanın məsələyə İranın da qoşulmasına müsbət yanaşması hər hansı bir siyasi və geosiyasi maraqdan irəli gəlmir. Sadəcə, rəsmi Bakı Qarabağ münaqişəsinin həllində təsir imkanları ola bilər istənilən dövlətin prosesə qatılmasını istəyir. Tehranı danışıqlar prosesinə buraxacaqlarmı? Və ya İran Qarabağ münaqişəsini həll etmək iqtidarındadırmı?

Tehrandan yenidən təklif gəldi

Qeyd edək ki, ötən həftə İran Azərbaycanla Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsinin həllinə yardımçı olmaq üçün danışıqlar prosesinə qatılmağa hazır olduğunu açıqlayıb. Bu ölkənin xarici işlər naziri Mənüçöhür Möttəki bəyan edib ki, ölkəsi Qarabağ məsələsinin həlli üçün addımlar atmaq niyyətindədir.

İranın rəsmi mövqeyinin Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli edilməsindən ibarət olduğunu vurğulayan Möttəki deyib ki, İran bölgədə beynəlxalq hüquq normalarına uyğun şəkildə sülh və sabitliyin olmasını arzulayır. «Əgər hər iki tərəf bu məsələdə bizdən bir şey istəyərsə, bizim payımıza düşən bir şey varsa, biz bu prosesə qatılmağa hazırıq».
Ermənistanın İranın xarici siyasətində xüsusi bir yeri olduğunu bildirən Möttəki Türkiyə ilə Ermənistan arasında Sürixdə imzalanan sərhədlərin açılmasını və diplomatik əlaqələrin bərpa edilməsini təklif edən protokolların həyata keçirilməsini önəmli olaraq qəbul etdiklərini deyib. «Əgər protokollar həyata keçərsə, iki ölkə arasında tarixdən qalma problemlərin həll edilməsi mümkünləşəcək. Biz buna inanırıq».

Bu əsnada Ermənistanın İrandakı səfiri Qriqor Arakelyan da bəyan edib ki, iki ölkə arasında siyasi və iqtisadi əlaqələri daha da dərinləşdirmək məqsədi ilə baş nazir Tiqran Sərkisyan oktyabrın sonlarında Tehrana səfər edəcək.

«İranın bölgədəki maraqları dəyişkəndir»

Təbii ki, İranın Qarabağ münaqişəsinin həllində hər hansı bir faydaverici rolu ola bilər. Amma faktiki dönəmdə aparılan siyasətə diqqət yetirdikdə vəziyyətin tamam başqa cür olduğu daha çox diqqəti çəkir. Türkiyənin tanınmış ekspertlərindən biri, siyasi elmlər üzrə mütəxəssis Mehmet Fatih Öztarsu bununla bağlı deyir ki, regionda önəmli rola sahib İranın Qafqazda baş verən proseslərə münasibəti vaxtaşırı dəyişkən şəkil almaqdadır. Onun sözlərinə görə, İran üçün SSRİ-nin dağılması ilə Rusiyanın əvvəlki gücünü itirməsi və kommunizm təhlükəsinin ortadan qalxması yeni təhlükələrin ortaya çıxmasına səbəb olub.

Öztarsu vurğulayır ki, regionda Qərb mərkəzli təşkilatların geniş şəkildə yayılmasından narahat olan İran bu məsələdə Rusiya ilə birgə addımlar atmağa çalır. Onun sözlərinə görə, ıxüsusi ilə Qafqazın ən önəmli münaqişə məsələsi olan Qarabağı milli təhlükəsizlik təhlükəsi olaraq gördüyü üçün bu istiqamətdə dəyişkən siyasətlər həyata keçirir. «Münaqişənin başlandığı dövrdən etibarən ölkələrin ərazi bütövlüyünə hörmət etdiyini bəyan edən İranın prinsip olaraq tez-tez vasitəsilik fəaliyyətlərinə girişməsi səbəbsiz deyil. Belə ki, bu addımlar bölgədəki tarazlıqları müxtəlif yollarla öz xeyrinə çevirmə və ya mümkünləşə biləcək zərərləri minimuma endirmə istəyindən irəli gəlir. Məsələn, 1992-ci ildə İranın Azərbaycanla Ermənistan arasında vasitəçilik etmək cəhdləri bunun bir nümunəsidir. Düzdür, həmin vaxt nəticə daha pis şəkildə ortaya çıxdı».

Öztarsu daha sonra deyir ki, Dağlıq Qarabağ məsələsinin təqdim edilməsində dini və ya etnik bir termindən istifadə etməyən İranın problemlə bağlı nəzərdə tutduğu bir sıra cəhətlər var. «Birinci məqam odur ki, problemin həlli ilə Cənubi Azərbaycan əyalətlərindəki Azərbaycan türklərinin Şimali Azərbaycana bağlanma təhlükəsindən İran çox narahatdır. İkincisi, İrana görə, Ermənistan Qərb ittifaqına qarşı Rusiya tərəfində yer aldığından dəstəklənməsi lazım olan dövlətdir. Üçüncüsü, Türkiyənin Qafqazdakı təsirləri ancaq Ermənistanla yaşanan problemlər yoluyla azaldıla bilər. Və sonuncusu, İran Qərbdəki erməni diasporu vasitəsi ilə özünə bəzi qapıları aça bilər».

«İran dini ritorikadan istifadə edir»

«Qafqazda Azərbaycanla Ermənistan arasında yaşanan Qarabağ problemi və İranın bu məsələyə ilə bağlı tutduğu mövqe dinin İranın xarici siyasətində yerini açıq şəkildə göstərməkdədir. İran Azərbaycanla sadəcə, eyni dini deyil, eyni məzhəbi də paylaşır. Lakin buna rəğmən Dağlıq Qarabağ problemində Azərbaycanın haqlı mübarizəsində dəstək vermədiyi kimi, Ermənistanla da kifayət qədər yaxşı əlaqələr qurmağı bacarıb». Bu sözləri isə digər bir türk müşahidəçisi Tuğçe Akan deyir.

Onun sözlərinə görə, Azərbaycanda işğalla bağlı dəhşətli mənzərələr yaşandığı halda, İran nəinki Bakının mövqeyini müdafiə etmək əvəzinə, dəstəyi Ermənistana verməkdədir. «Çeçenistan problemindən daha aydın şəkildə Dağlıq Qarabağ problemində İranın həyata keçirdiyi xarici siyasət bilavasitə faydalanmadan ibarətdir. Aydın şəkildə görünür ki, İranın beynəlxalq maraqları və strateji addımları xarici siyasətdə faktor kimi istifadə olunan dini amili ikinci plana keçirib. Siyasətdə belə şeylərə dini ritorika deyirlər».

Tuğçe Akan daha sonra bildirir ki, Konstitusiyasında bütün müsəlmanların haqlarını qorumaq məsuliyyətini üzərinə götürmüş İranın atdığı addımlar həm ali qununu, həm də dini maddələri pozması kimi diqqəti çəkir. «Həm müharibə dövründə, həm də, ondan sonrakı dövrlərdə, hətta bu günümüzə qədər Tehran dini yanaşmanı bir kənara buraxıb, Ermənistanla sıx əlaqələr qurmağa girişib. Bu azmış kimi, müsəlmanlardan ibarət və güclü Azərbaycanı özü üçün düşmən kimi görməkdədir».

İranın nə etmək istəyir?

İranın Qarabağ prosesinə daxil olmaq istəyənin arxasında şübhəsiz bir sıra maraqlar var. Düzdür, Tehran Azərbaycanın zəif düşməsini şərtləndirən münaqişənin uzanmasında bir qədər maraqlıdır. Amma eyni zamanda, qonşu ölkəni narahat edən əsas məqam odur ki, müharibə yenidən başlayarsa, bölgədəki sabitlik tamamilə alt-üst ola bilər. Yəni, Qarabağ müharibəsi İran üçün də təsirsiz ötüşməyəcək və bu da yekunda ölkənin cənubuna doğru hərəkət etməyə başlayacaq.

Digər tərəfdən, İranın bir başqa marağı da bölgədə dominant ölkə olduğunu nümayiş etdirməkdir. Qafqazda mövqelərinin bir çoxunu itirmiş Tehran onları bu şəkildə geri qaytarmağa çalışır. Analoji addımı ərəb yarımadasında da atan İran bununla regionda aparıcı oyunçu olduğunu göstərmək istəyir. Bunun üçün illərdən bəri çalışan və Yaxın Şərqdə bir sıra mövqelərini geri qaytarmağı bacaran Tehran eyni şeyin Qafqazda da həyata keçməsində maraqlıdır. Elə bu səbəbdəndir ki, son bir il ərzində rəsmi Tehranın Qarabağ münaqişəsinin həllində vasitəçi qismində çıxış etmək çağırışları davamlı şəkil almaqdadır.
İranın bir başqa marağı da ondan ibarətdir ki, Orta Asiyaya uzanan dəhlizin bağlanmasıdır. Bunun üçün SSRİ dağılandan sonra çalışan Tehran Qafqazda yaşanan münaqişələri Moskva ilə birlikdə nəzarətinə almağa çalışır. Eyni zamanda, İran strateqləri düşünürlər ki, əgər Qarabağ münaqişəsi həllini taparsa, onlarla Rusiya arasındakı maneələrin bir çoxu aradan qalxmış olacaq. Daha doğrusu, münaqişə Rusiya və İranın əliylə həllini taparsa, istər Azərbaycan, istərsə də Ermənistan bu iki dövlətlə münasibətlərini yaxşılaşdırıb, onların yanında olacaqlar.

Burada bir şeyi də nəzərdən qaçırmaq olmaz. İran istənilən halda Ermənistanla münasibətlərini korlamaq fikrində deyil. Çünki erməni diasporunun imkanlarından yararlanıb, Qərblə əlaqələrini normallaşdırmaq fikrində olan İranın enerji layihələri üçün də bir sıra qapıların açılması bu prosesin içindən keçir. Hətta qonşu ölkənin analitikləri də dolayısı ilə etiraf edirlər ki, Azərbaycan İran üçün nə qədər əhəmiyyətlidirsə, Ermənistan daha artıq əhəmiyyətli tərəf olaraq diqqəti çəkir. Çünki İrəvanı nəzarətində saxlayan erməni diasporu Tehrana bir sıra işlərdə yardımçı ola bilər.

Amma ortada başqa problemlər də var. Məsələn, Qərb dövlətləri heç bir halda, xüsusən də indiki məqamda İranı bu prosesə daxil olmasına imkan verməyəcək. Elə Rusiya da belə bir vasitəçiliyin İranın əlinə keçməsində maraqlı deyil. Bunun qarşısını almaq üçün vaxtaşırı ATƏT-in Minsk Qrupunun fəaliyyətini təqdir edən böyük üçlük dördüncü birinin işə qarışmasına imkan verməyəcəklər.

Gundelik Baku Gazetesi

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: Free Web Space | Thanks to Best CD Rates, Boat Insurance and software download