Erməni gənclərin ən çox istəmədikləri Qarabağ’da əsgər olmaqdır

Ermənistanda olan türkiyəli ekspert: “Erməni xalqı müharibə istəmir… Yox əgər müharibə başlayarsa, bundan zərər görən tərəf yenə erməni xalqı olacaq”

“Ermənistanda gənc nəsil mülayimdir və ölkənin hara getdiyini görməyə çalışırlar”

“Qarabağda Azərbaycan türklərinə qarşı soyqırım olub və bunun nəticəsində 1 milyon insan vətənini tərk etməyə məruz qalıb”. Bu fikirləri Ermənistanın “Sobesednik” qəzetinə Qafqaz Strateji Araşdırmalar Mərkəzinin başqan yardımcısı, hazırda Ermənistanda ezamiyyətdə olan, Qafqaz üzrə ekspert Mehmet Fatih Öztarsu bildirib.

Milli.Az xəbər portalı Ermənistanda səfərdə olub, yerli əhalinin düşüncələri ilə tanış olan, əhval-ruhiyyələrini öyrənməyə çalışan Mehmet Fatih Öztarsu ilə müsahibə edib. Türkiyəli ekspertlə söhbəti təqdim edirik.

Mehmet bəy, Ermənistanda səsləndirdiyiniz fikirlərdən sonra ehtiyat etmirsiniz ki, bu bəyanatlara görə, ermənilər tərəfdən sizə qarşı hansısa xoşagəlməz hərəkətlər baş versin? Ümumiyyətlə, ermənistan ictimaiyyətinin düşüncəsində reallıqlar nədən ibarətdir?

Xeyr, ehtiyat etmirəm. Bu gün Ermənistanın gündəlik həyatını əhatə edən üç əhəmiyyətli mövzu vardır. Bunlar – sözdə “soyqırım” iddiaları, Qarabağ məsələsi və bu iki məsələnin təsir göstərdiyi işsizlik problemidir. Ölkə iqtisadiyyatı Ermənistanın iki qonşusuyla yaşadığı problemlərdən qaynaqlanır. Belə bir mühitdə Türkiyə və Azərbaycana yanaşmaların tənqid olunmaması düşünülə bilməz. Əvvəlcə, araşdırmaçı-yazar olaraq Ermənistanın içində olduğu vəziyyətin təməl səbəblərini vurğulamaq istərdim: Ermənistandakı media qurumlarının bizə yönəltdiyi suallarda bu mövzuya davamlı olaraq toxunurduq. Əslində ölkənin yaşanan problemləri bir-biriylə əlaqəlidir. Soyqırım iddiaları bir növ “qurtuluş resepti” sayılır. Bu vasitə, Türkiyəyə qarşı istifadə edilən əsas ana faktordur. Ancaq kimsə, Qarabağda reallaşdırılan soyqırımla əlaqədar danışmaq istəmir. Biz də deyirik ki, madam Türkiyəyə qarşı qaldırılan “soyqırım” iddiaları qəbul ediləcək, o halda “Qarabağda da bir soyqırım reallaşdırılmışdır” deməliyik. Əgər Ermənistan rəhbərliyi bunu qəbul etsə, problem yoxdur. Amma ermənilər Qarabağ məsələsini imtina edilməz bir milli iddia olaraq davam etdirəcəklərsə, biz də Qarabağda soyqırım edildiyini qəbul etdirməliyik. Nəticə olaraq, nə Türkiyəyə yönəlmiş iddialar, nə də Qarabağ üçün aparılan mübarizə Ermənistana fayda vermir. Ölkə iqtisadiyyatı bundan böyük zərər görür. Türkiyə ilə sərhədlərın bağlı qalması, orduya xərclənən vəsait xalqın üzərinə yüklənilir. Tənqidlərimizin doğruluğu Ermənilər tərəfindən də qəbul edilir. Xüsusilə, gənc nəsil bu mövzuda mülayimdir və ölkənin hara getdiyini görməyə çalışırlar. Bu səbəbdən bizə qarşı hər hansı mənfi rəftar yoxdur. Şifahi mübahisələrdən, müzakirələr xaricindən hər hansı bir hadisə yaşanmır. Nəticədə hər kəs öz fikirini müdafiə edir.

Qarabağ haqqında erməni siyasətçilərinin fikirləri nədən ibarətdir? Bu haqda siyasətçilərlə söhbətiniz oldumu?

Erməni siyasətçiləri Qarabağ mövzusunda ümumiyyətlə, eyni düşüncəyə sahibdirlər. Yəni, ümumi mənada siyasətçilər üçün Qarabağ Ermənistan Respublikasının milli iddiasıdır və heç bir surətdə başqasına təhvil verilə bilməz. Ancaq mülayim görüşə sahib siyasətçilər də mövcuddur. Biz siyasətçilərlə Qarabağ ilə əlaqədar olaraq çox danışa bilmirik. Çünki Ermənistan üçün Qarabağ məsələsi, Türkiyənin daxil olmaması lazım olan bir məsələ kimi qəbul edilir. Bu gün Ermənistanda Qarabağ ilə əlaqədar olaraq, Levon Ter-Petrosyanın yanaşmaları diqqət çəkicidir. Petrosyana keçən ilin noyabr ayında Matandaran meydanında keçirilən mitinqində Qarabağ məsələsinə toxunaraq, problemin tezliklə həll edilməsini vacibliyini vurğulayıb. Hazırda Ermənistanın prioriteti, milli iqtisadiyyatın inkişaf etdirilməsidir. Buna görə Petrosyan milli iqtisadiyyatın inkişafını Türkiyə ilə əlaqələrin düzəldilməsinə və Qarabağ iddiasından imtina edilməsinə bağlayır. Ancaq sabah Petrosyan Ermənistanda siyasi vəziyyəti ələ aldıqdan sonra, nələrin dəyişə biləcəyini demək çətindir.

Bunun yanaşı, dayanmadan Qarabağ və uydruma “soyqırım” iddialarıyla əlaqədar təbliğat fəaliyyətləri aparan siyasi quruluşlar da mövcuddur. Məclisdəki gündən-günə sayları azalan, daşnak partiyası fəallıq göstərir. Daşnaklara görə, Qarabağ üçün hərbi xərcləmələrin miqdarı artırılmalı və Azərbaycanla əsla dialoq qurulmamalıdır. Daşnakların əsas önəmli isimlərindən olan Qiro Manoyanın son aylar verdiyi açıqlamalarında bunu görürük. Qarabağ məsələsi ilə məşğul olan, Minsk qrupunun fəaliyyətini faydasız və məsələsinin həllini müharibə yolunda görürlər. Türkiyədə köhnə siyasətçilərin  məşhur bir söz vardır: “Mücahidlər sonradan inşaatçı (öz şəxsi maraqlarını güdən) oldu”. Ermənilər bu sözün eynisini daşnaklar üçün söyləməkdədirlər. Əvvəlki illərlə müqayisə etdikdə daşnakların imici güclü deyil.
Qarabağ mövzusunda iki tərəfin də dialoq yoluna müraciət etməsi lazım olduğuna inanıram. Məsələyə üçüncü tərəflərin daxil olması işi uzatmaqla birlikdə, Ermənistan və Azərbaycanın bir-birlərinə qarşı düşmənçilik münasibətini alovlandırmaqdır. Bu problem iki tərəf arasında həll edilməlidir.

Bəs sadə insanlar nə düşünür? Ümumiyyətlə, erməni cəmiyyətində barışa meyillik hiss olunur mu?

Ermənilər üçün gündəlik həyatın təməl xüsusiyyəti dolanışıq dərdidir. Ölkə iqtisadiyyatının ağır vəziyyətdə olması böyük bir işsizlik problemi yaradıb. Xalqın siyasi məsələlərə yanaşması, ölkə siyasətçilərinin təbliğatıyla şəkillənir. Ancaq ümumi mənada Qarabağ məsələsi xalq üçün bir ağır yükdür. Gənclərin iki il əsgərlik etdiyi Ermənistanda, ən istənməyən arzu – Qarabağ bölgəsində əsgər olmaqdır. Çünki sonu gəlməyən qarşıdurmalar və barışın üfüqdə görünməməsi böyük bir çətinlik yaradır. Bu səbəbdən xalq bir an əvvəl Qarabağ məsələsini həllini gözləyir.
Həmçinin, Türkiyə ilə bağlı eyni vəziyyəti görə bilirik. Ən qısa zamanda sərhədlərin açılması və iqtisadiyyatın canlanması istənilir. Erməni xalqının ehtiyacı olan ən böyük istək – Azərbaycan və Türkiyəylə əlaqələrin düzəlməsidir. Azərbaycandan Ermənistana köçən ermənilər də bunu vurğulayır. Azərbaycanlılarla Sovetlər Birliyi dövründə yoldaş olduqlarını, ancaq bugünkü qarşıdurma mühitinin onları narahat etdiyini bildirirlər.

Hazırda Azərbaycanda işğal altında qalan torpaqların müharibə yolu ilə azad olunması əhval ruhiyyəsi artmaqdadır. Bu açıqlamalar ermənistanda necə qarşılanır?

Döyüş, artıq danışılan bir variant oldu. Minsk Qrupunun reallaşdırdığı saysız yığıncaqlar nəticəsizdir. Üstəlik, üçüncü tərəflərin problemin həllində vasitəsi kimi dövriyyəyə girməsi müsbət bir nəticə vermədi. Tam əksinə, iki tərəf arasındakı münasibətlər daha da gərginləşdi. Azərbaycan öz Ordusunun büdcəsini artırarkən, bunun eynisini Ermənistan da edir. Ancaq müqayisə baxımıdan hər kəsin qəbul edəcəyi bir şey var ki, Azərbaycan bu məsələdə mütləq bir üstünlüyə sahibdir. Buna baxmayaraq, Serj Sarkisyan Qarabağa gedib əsgərlərə arasında alovlu çıxışlar etməyə çalışsada, ancaq nə qədər təbliğat aparılmasına baxmayaraq erməni xalqı müharibə istəmir. Onsuz da 1988-ci ildən başlanan münaqişə ölkənin sosial-iqtisadi və siyasi-ictimai mühitinə dərindən təsir edir. Əgər müharibə başlasa, bundan zərər görən tərəf yenə erməni xalqı olacaq. Təbii, döyüş məsələsi hələlik ifadə olaraq vəziyyəti qoruyur. Dondurulmuş bir problem olan Qarabağın müharibəsiz həlli istiqamətindən aparılan danışıqlar uzun bir vaxt aparacaq. Bu müddət içərisində də siyasi təbliğatlar davam edəcək, güc nümayişləri təkrarlanacaq. Türkiyə də indiyə qədər olduğu kimi bu, haqlı iddiasında Azərbaycanın yanında olacaq. Bunu Ermənistanda yaxşı dərk edirlər və münaqişənin uzanması Erməni xalqının ağırlaşmaqda olan həyat tərzini mənfi edir.

Ermənistan-Türkiyə sərhədlərinin açılmasına münasibət necədir?

Gündəmdəki ən əhəmiyyətli mövzulardan biri budur. Ermənistan xalqı bu mövzuda müxtəlif görüşlərə sahibdir. Sərhədlərin açılmasını dəstəkləyən əhəmiyyətli bir əksəriyyət var və bu insanlar siyasi tələblərin onları maraqlandırmadığını ifadə edirlər. Onlar üçün əhəmiyyətli olan iqtisadiyyatın canlanmasıdır. Əhalinin müəyyən bir qism isə, Türkiyənin Ermənistanın təsir dairəsinə düşücəyini, soyqırım tələblərinin unudulacağı narahatlığı var. Çünki belə bir vəziyyətin yaranması, hazırda Erməni diasporunun işinə sərf edir və onlar  soyqırım iddiaları ilə təbliğat aparırlar. Erməni xalqı da bundan təsirlənir. Ancaq diaspor zənginlik içində yaşayarkən, Ermənistan kasıblaşır. Belə olan vəziyyətdə ölkə rifahının yüksəlməsini istəyənlər qüvvələlər, Türkiyəylə sərhədlərin açılmasını dəstəkləyir. İranla və Gürcüstanla edilən ticarət əlaqələri ölkənin inkişafına təsir göstərmir. Qərbə açılmaq üçün, Türkiyəylə sərhədlərin açılması mütləqdir. Ancaq ifadə etdiyimiz kimi, Türkiyə Qarabağ ilə əlaqədar mövqeyində dayandığı üçün, İrəvan rəhbərliyi zaman-zaman Türkiyəni sərt şəkildə tənqid etməkdədir.

Ermənistanda siyasi hakimiyyət dəyişikliyi baş versə, bu, Qarabağ münaqişəsinin həllinə təsir edə bilərmi?

Ermənistanın indiki rəhbərliyi Qarabağ mövzusunda təcrübəlidir. Serj Sarkisyan Qarabağlı liderdir. Ancaq bu gün insanlar arasında Sarkisyan “Son Mogikan” olaraq xarakterizə edilir. Erməni cəmiyyətində ondan sonra Qarabağ mövzusunda təcrübəli, qarabağlı olan və mövcud vəziyyəti davam etdirə biləcək liderin olub-olmayacağı mübahisəsi gedir. Aqressiv siyasət qarabağlı Robert Koçaryan dövrüylə başlamış, bu gün də davam etdirilir. Ancaq unudulmamalıdır ki, Ermənistan bu mövzuda özbaşına hərəkət edə biləcək imkana sahib deyil. Qarabağ üçün belə düşünə bilərik: Bir stadionda üç oyunçu öz aralarında top oynayaraq paslaşır, tribunada da iki nəfər tamaşaçı var. Top oynayan oyunçular Amerika, Rusiya və Fransadır. Yəni, Minsk Qrupuna rəhbərlik edən dövlətlər. İki tamaşaçı da Azərbaycan və Ermənistandır. Təəssüf ki, bu mövzuda xarici təsirin mpvcudluğu ən əhəmiyyətli mövzudur. Azərbaycanın bu mövzuda özünə etibarı tamdır və bu siyasət belə də davam edəcək. Ancaq Ermənistan istiqamətləndirilməyə möhtac bir şəkildə yol izləməkdədir.

Elnur Eltürk – Milli.az

http://milli.az/news/politics/34018.html

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: Free Web Space | Thanks to Best CD Rates, Boat Insurance and software download