24 aprel sindromu inqilabla yox olarmı?

Ərəb ölkələrindəki avtoritar rejimlərə qarşı baş qaldıran qiyamlar Ermənistanda müəyyən dəyişiklik siqnalları verməkdədir. Qafqazda status-kvonun dəyişməsi isə 2008-ci il avqust ayında Rusiyanın Gürcüstana müdaxiləsi ilə başlayıb. Hal-hazırda proqnozlaşdırılmayan strateji proseslər bölgədə daşların yerindən oynayacağı və yeni ittifaqların yaranacağı ilə bağlı gözləntilər doğurur. Torpaqlarımızın bir hissəsini işğal edən qonşumuz Ermənistanda görəsən, nələr baş verir və gözlənilən dəyişikliklər “24 aprel sindromu”na hansı şəkildə təsir edə bilər? Ermənistanın “Aravot” qəzetinin yazarı Məmməd Fateh Öztarsu bu suala cavab verməyə çalışıb.

Erməni müxalifətinin güclü ittifaqını təşkil edən Erməni Milli Konqresi (EMK) keçən ilin noyabr ayından bəri Ermənistan iqtidarına istiqamətlənən tənqidlərini artırmaqdadır. Ölkənin ilk prezidenti Levon Ter-Petrosyanın nüfuzunun güclü olduğu EMK-ə daşnakları və keçmiş xarici işlər naziri Raffi Hovhannisyanı da daxil edə bilsə, ərəb ölkələrində olduğundan daha yumşaq şəkildə rejim dəyişikliyinə nail olacağı şübhəsizdir. Müxaliflərin iqtidara yönəltdiyi tənqidlər isə ölkə iqtisadiyyatının zəifliyi, iqtidarın əvvəlki dövrlərdə etdiyi siyasi səhvlər və xarici siyasətdəki uğursuzluqları ilə bağlıdır. Ümumi mənada, xarici siyasətdəki müvəffəqiyyətsizliyin ölkə iqtisadiyyatını zəiflətdiyini iddia edən müxalifət hesab edir ki, iqtidar Ermənistanın milli müstəqilliyini pul qarşılığında böyük dövlətlərə satışa çıxardıb.

Bu gün Levon Ter-Petrosyanın üzərində dayandığı əsas məsələlər iqtidarın güc tətbiq edərək ölümünə və həbsinə səbəb olduğu insanların ailələrinə lazımlı təzminatın ödənilməsi, işsizliyin azaldılması üçün işsizlik müavinətlərinin və minimum əməkhaqqının yenidən təşkil edilməsi, dövlət məmurlarının hesablarının açıqlanması və icra orqanlarında islahatların aparılmasıdır. Ümumiyyətlə “şəffaf dövlət”in qurulması və xalqın boş siyasətlərlə aldadılmamasının lazım olduğunu vurğulayan Petrosyan Türkiyə ilə münasibətlərdə yumşaq bir siyasətin aparılmasının vacibliyini də ifadə edir. Petrosyanı EMK-ə daxil edə bilmədiyi digər müxalifət təşkilatlarından fərqləndirən əsas cəhət də onun Türkiyə, Türkiyə-Ermənistan münasibətləri ilə bağlı yanaşmasıdır. Daşnaksütyun Partiyası və Raffi Hovhannisyanın Türkiyəyə qarşı sərgilədiyi davranış mövcud iqtidarın davranışlarından fərqlənmir. Müxalifəti birləşdirən yalnız bir məqam var: Rusiyanın Ermənistana hər sahədə müdaxiləsinə qarşı olmaq.

Erməni cəmiyyətinin yanaşmasına görə, ölkə iqtisadiyyatının zəifliyi məhz Türkiyə ilə sərhədlərin bağlı olmasının nəticəsidir. Məntiqli bir yanaşmadır. Ancaq diaspor və Rusiyadan alınan pullarla ayaq üstə durmağa çalışan iqtisadiyyat, eyni zamanda ölkədə 50 faizlik işsizliyin olması Petrosyanın rəhbərlik etdiyi EMK-ə daxil olmaq istəməyən qüvvələrin yanaşmalarını boşa çıxardır. Yanvar ayında Türkiyə və Çindən gələn ticarət məhsullara tətbiq olunan əlavə gömrük rüsumuna qarşı erməni tacirlərin hökumətə etiraz etməsi, Ermənistan kənd təsərrüfatının Müstəqil Dövlətlər Birliyi içərisində keçən ilə nisbətən daha az inkişaf etməsi və qida məhsullarına edilən qiymət artımları iqtidarın nüfuzunu sual altına qoyur.

Bütün bu olanlar qarşısında iqtidarın davamlı olaraq Qarabağ və Türkiyə məsələsini gündəmdə saxlamağa çalışması və bəzi müxalif qüvvələrin bu məsələdən istifadə edərək siyasət aparması artıq əhəmiyyətini itirməyə başlayıb. Belə ki, daşnak qruplar Sevr razılaşmasının 90-cı ildönümü zamanı İrəvan küçələrinə Sevr xəritələri asmış, “haqq edilən torpaqlar”da yaşamaq üçün Qars və Gümrü razılaşmalarının etibarsız elan edilməsinin vacib olmasını ifadə etmişlər. Ancaq bu gün erməni xalqını daha çox ölkənin iqtisadi həqiqətləri maraqlandırır. Ac olan ermənini hal-hazırda düşündürən çörəyin necə tapılmasıdır, “haqq edilən torpaqlar” deyil.

Serj Sarkisyan “3+2” kimi xarakterizə edilən erməni xarici siyasətində müxtəlif addımlar atır. O, Türkiyə və Azərbaycanla olan böhran mühitinin meydana gətirdiyi zəifliyi aradan qaldırmaq məqsədilə yaxın ölkələrə davamlı səfərlər həyata keçirir. Səfərlərin təməlini təşkil edən Rusiya, Gürcüstan və İranın Ermənistanla olan əlaqələrini daha güclü hala gətirmək son dövrlər erməni xarici siyasətinin dayaq nöqtəsidir. Həmçinin Cənubi Kipr və Yunanıstanla da əlaqələrin yaxşılaşdırılması diqqət çəkir. Bu ölkələrlə qurulacaq bir ittifaqda isə Türkiyə əleyhdarlığının olacağı şübhəsizdir.

Sarkisyan dövrü Köçəryan dövründən fərqli olaraq Türkiyə ilə əlaqələr baxımından daha yumşaqlığı ilə seçilirdi. Futbol diplomatiyası və protokollarla bağlı Sarkisyanın cəhdləri milliyyətçi qruplar tərəfindən vətən xaini olaraq dəyərləndirilmiş və diasporla birgə Sarkisyana təzyiqlə artmışdır. 2009-cu ilin sonundan bu yana Sarkisyanın Türkiyəyə istiqamətlənən sərt çıxışları daxili və xarici təzyiqlərlə izah etmək mümkündür. Hal-hazırda hər hansı bir çıxış yolu olmayan Sarkisyana gedişi eyni zamanda Qarabağ klanının da idarəçiliyinə son qoyacaq. Sarkisyan Türkiyə ilə əlaqələrdə yumşaq siyasəti təmin etsə də daxili və xarici təzyiqlər onun geri addım atmasına səbəb olub. Sarkisyanın iqtidarda olduğu dövrdə Ermənistanın Türkiyəyə yönəlik siyasətində də dəyişikliyi gözləmək imkansızdır.

Türkiyənin hər il yaşamağa alışdığı 24 aprel sindromu bu il də əvvəlki illərdə olduğu kimidir. Beynəlxalq proseslərlə yanaşı Ermənistandakı daxili qarışıqlıq bu ölkənin Türkiyəyə istiqamətlənən yanaşmalarına 2015-ci ilə qədər yeni forma qazandıra bilər. Petrosyanın yanaşmasını mənimsəyən kütlələr böyük ehtimalla Türkiyə ilə əlaqələrin inkişaf etdirilməsi üçün addım atacaq və yenə Petrosyanın müdafiə etdiyi şəkildə Qarabağın sərbəst və məqbul bir formada ələ alınmasına təşəbbüs göstərəcək. Petrosyan iqtidarla qarşıdurmada qazanmaq üçün Türkiyəyə istiqamətlənən müsbət yanaşmalardan istifadə edəcək. Çünki xalq erməni iqtidarın Rusiyaçı dövlət siyasəti əvəzinə iqtisadi canlanmanı vəd edən Türkiyə ilə yaxınlaşma siyasətini dəstəkləyir. Təbii ki. Petrosyan da xalqın bu yanaşmasından bəhrələnməyə çalışır.

http://sia.az/view.php?lang=az&menu=99&id=80479

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: Free Web Space | Thanks to Best CD Rates, Boat Insurance and software download