“İranın işğalı Ermənistanı böyük zərərə uğrada bilər”

Gün.Az-ın Türkiyənin “Strategic Outlook” araşdırma platformasının eksperti və analitiki Mehmet Fatih Öztarsu ilə müsahibəsi:

- Sizcə, Türkiyənin Suriya müxalifətini dəstəkləməsi Ankaranın Ərəb dünyasında nüfuzunu artıracaq, yoxsa azaldacaq?

– Bu gün Suriyada Əsəd rejiminin davam etdirdiyi iğtişaşlar və dinc əhaliyə qarşı yönəldilən təzyiqlər digər Ərəb ölkələri tərəfindən də qınaq obyektinə çevrilib. Yəni Əsəd rejiminə qarşı hamı ortaq məxrəcə gəlib.

Türkiyə Liviya məsələsində olduğu kimi burada da müxalifətə dəstəyini açıq şəkildə nümayiş etdirir və bu əlbəttə ki, bölgədə Türkiyəyə münasibətin müsbətə doğru dəyişməsinə öz təsirini göstərəcək. Təbii ki, Əsəddən sonra meydana gələcək yeni şəraitə münasibətin göstərilməsi də çox vacibdir.

Çünki Suriya böhranındakı kimi müxalif qruplara dəstək verilməsindən söhbət gedə bilməz. Türkiyənin Suriyada diqqətini çəkən kürd məsələsi kimi problemlər də mövcuddur. Türkiyə bölgədə böyük nüfuza malik dövlət kimi, müxaliflərə verdiyi dəstəyi digər mövzularda da xələl gətirməyəcək şəkildə davam etdirməlidir.

Yoxsa bu mərhələdə atılan addımlar Əsəd devriləndən sonra tərs məcraya yönələ bilər. Daha diqqətli davranışların həyata keçirilməsi daha səmərəli olar.  

- Suriyadakı böhrandan sonra Qərbin İranla müharibəyə başlayacağı ehtimalı varmı?

– Bu məsələ Böyük Orta Şərq layihəsi fikrinin ortaya atılmasından bəri müzakirə olunan bir mövzudur. Və gördüyümüz kimi, nəzərdə tutulan bütün qurama nəzəriyyələr bir-bir həyata keçirilməkdədir.

Çünki Əfqanıstanın işğalı başladığı vaxt bu işin Suriyaya və İrana da gedib çıxacağını bəyan edən ekspertlərin haqlı olduqlarını görürük. Lakin bu layihə üçün nəzərdə tutulan ölkələrin elə də “asan loxma” olmadıqları aşkardır. Çünki Suriya böhranı Misirə və Liviyaya bənzəmir. Burada keçilməli olan maneələr çoxdur. İran isə ondan daha mürəkkəb bir ölkədir.

Unutmayaq ki, tarix boyunca İranı işğal edən və burada hökmranlıq edən dövlətlər qısa bir vaxt ərzində əriyərək ya iranlılara bənzəmiş, İran coğrafiyasına assimlyasiya olunmuş, ya da bu torpaqlardan tamamilə çəkilib getmişlər. Ona görə də, İranla bağlı nəsə demək hələ tezdir. Lakin ona da diqqət yetirmək lazımdır ki, İranda etnik qruplar da artıq ehtimal olunan işğalın nə zaman baş verəcəyi ilə maraqlanmağa başlayıblar.

- İranın hər iki ölkənin yaxın qonşusu olmasını nəzərə alsaq, İrana qarşı müharibə baş verəcəyi təqdirdə problemlə bağlı Türkiyənin və Azərbaycanın mövqeyi eyni ola bilərmi?

– Türkiyə Qərb ittifaqına daxil olan ölkə kimi öz mövqeyini qoruyacaq. Çünki onsuz da bu sahədə öhdəlikləri də mövcuddur. Bütün bölgəni maraqlandıran bu böhranla bağlı Azərbaycanın mövqeyinin də Qərbin mövqeyinə yaxın olması mümkün ola bilər, lakin bitərəf münasibətin nümayiş etdirilməsi də ehtimal olunandır.  
Hətta İran məsələsi ilə birlikdə Azərbaycanın əhəmiyyəti daha da artacaqdır. Burada etnik türk əhalisinin olması birbaşa olaraq Azərbaycanın marağındadır.

Bu gün Ermənistan da İrana hər hansı hücum olacağı təqdirdə bitərəfliyini qoruyacağını bəyan edir. Çünki əgər Ermənistanın cənub sərhədi də bağlanarsa, İranın işğalı ilə birlikdə Ermənistan da böyük zərərə uğraya bilər. İranla müharibə müzakirələrinin aparıldığı bir vaxtda İrəvan-Tehran münasibətlərində də görünməmiş irəliləyiş var.

Bununla yanaşı, İrandakı etnik türk əhalisi ilə bağlı erməni tərəfinin qara təxribatları da artıq başlayıb. Ötən ay “Todays Zaman” qəzetində yazdığım məqalədə İranın Qarabağ məsələsində nə üçün Ermənistanı dəstəklədiyini açıqlamışam.

Bu məqalədən sonra həm Ermənistandan, həm də diaspor ermənilərindən kəskin etirazlar aldım. Onların bildirdiyinə görə, İrandakı azərbaycanlıların sayı son dərəcə azdır və bu əsla siyasi atribut kimi istifadə edilə bilməz. Belə bir təxribat aparmaqla, türklərin məsələyə baxışı səhv istiqamətə yönləndirilir. Bütün bunlara qarşı ayıq-sayıq olmaq lazımdır. 

Kaynakhttp://gun.az/politics/48078

 

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: Free Web Space | Thanks to Best CD Rates, Boat Insurance and software download