“Ermənistan həqiqətən Qarabağ məsələsi ilə bağlı çıxılmaz vəziyyətdədir”

Gün.Az-ın Türkiyənin “Strategic Outlook” araşdırma platformasının eksperti və analitiki Mehmet Fatih Öztarsu ilə müsahibəsi…

“Ermənistanın Qarabağdakı mövcud vəziyyəti davam etdirərək əlindəki “əsas kartı” itirməmək istəyidir. İrəvan da Qarabağı müstəqil bir dövlət kimi tanımır. Çünki Azərbaycanı daim təcavüzkar tərəf kimi tanıtmaq səylərindən əl çəkmək istəmir.”

- Ermənistan Türkiyənin Qarabağla bağlı sülh siyasətini qəbul etmir. Buna baxmayaraq, bu münaqişənin həll olunmasında Türkiyə nə kimi rol oynaya bilər?

– Ermənistan Türkiyənin Qarabağ xaricindəki sülh siyasətini də qəbul etmir. Burada əsas məsələ Sovet İttifaqının süqutundan etibarən zehniyyətində heç bir dəyişiklik etməyən, mövcud ətalət sistemi ilə barışan və monopolist düşüncəli Ermənistan rəhbərliyinin sülh təklifi ilə çıxış edən ölkənin tövsiyələrinə qulaq asmamasıdır.

Əlbəttə ki, təkcə iqtidar partiyası yox, müxalifət partiyaları da eyni fikri bölüşməkdədirlər. Çünki erməni ictimai fikrinə görə, Türkiyənin əleyhinə çıxış etmək qəhrəmanlıq kimi başa düşülür.

Məsələnin digər tərəfi isə Ermənistanın Qarabağdakı mövcud vəziyyəti davam etdirərək əlindəki “əsas kartı” itirməmək istəyidir. İrəvan da Qarabağı müstəqil bir dövlət kimi tanımır. Çünki Azərbaycanı daim təcavüzkar tərəf kimi tanıtmaq səylərindən əl çəkmək istəmir.

Bunun əvəzində isə beynəlxalq miqyasda Qarabağı tanıtmaq səylərini artıracaqlarını bəyan edirlər. Üstəlik bununla bağlı bəzi addımlar da atılır. Bu gün Qarabağa sərmayə yatıran bir sıra ölkələr var. Mediada Tuvalu ilə bağlı da bir xəbər yayıldı. Xəbərə görə, Ermənistan Tuvaluya pul ödəməklə, Qarabağın tanınmasını təmin edəcək. Əgər bu doğrudan da belədirsə, demək Ermənistan həqiqətən Qarabağ məsələsi ilə bağlı çıxılmaz vəziyyətdədir.

Türkiyə münaqişənin həlli və sülhün bərqərar edilməsi ilə bağlı təcrübələrə malik bir ölkədir. Əfqanıstanda, Fələstində və ya Balkan coğrafiyasında Türkiyənin sülh diplomatiyası bütün dünya ölkələri tərəfindən təqdirlə qarşılandı.

Məncə, Türkiyə Qarabağ məsələsində də mövcud vəziyyəti dəyişdirə biləcək addımlar ata bilər. Çünki indiyə qədər Minsk qrupunun keçirdiyi saysız-hesabsız görüşlər əsaslı nəticə verməyib. Həm də təəssüf olsun ki, Minsk qrupunun həmsədrləri Türkiyəni bu məsələdə fəal bir mövqeyə yüksəltmək əvəzinə daima arxa planda tutublar.

Amma artıq bu gün Fransanın həmsədrlik statusunun saxlanıb-saxlanmamasını müzakirəyə çıxara bilən Türkiyə mövcuddur. Əminəm ki, perspektivdə Türkiyənin sözügedən məsələ ilə bağlı tədbirləri mühüm dəyişikliklər dövrünün başlanmasına səbəb olacaq.

Bu da ki beynəlxalq ictimaiyyətin də qəbul etdiyi kimi, işğal edilən bölgələrin boşaldılması və bölgədə yaşayan əhalinin mənfəətinin təmin edilməsi ilə birbaşa əlaqəlidir.   

- Sizcə, Türkiyə-Ermənistan münasibətləri ilə Qarabağ münaqişəsi arasında birbaşa əlaqə mövcuddurmu?

– Bunu Ermənistan tərəfi tez-tez müzakirə mövzusuna çevirir. Ancaq müzakirə edən şəxslər davamlı şəkildə eyni fikirləri səsləndirirlər və ortaya fərqli düşüncə tərzi qoya bilmirlər. Bu da onların fikirlərinin inandırıcı olmasına xələl gətirir. Ermənistan bəyan edir ki, “Türkiyə Qarabağ məsələsinə qarışmasın, öz işləri ilə məşğul olsun. Əgər belə edərsə, biz də münasibətləri inkişaf etdirməyə hazırıq”. Lakin burada mübahisəli bir vəziyyət yaranır.

Münasibətlərin inkişaf etdirilməsindən fayda əldə edəcək tərəf hansı ölkədir? Əlbəttə ki, iqtisadiyyatı çökmüş vəziyyətdə olan Ermənistan. Burada “kasıb adamın məntiqsiz qüruru” tamaşasının şahidi oluruq.

Həm zəif olan tərəfdirlər, həm də Türkiyəni şərt irəli sürməkdə ittiham edərək fikrindən döndərməyə cəhd göstərirlər. Ermənistan xarici siyasətində mövcud olan ziddiyyətləri şərh etməyə məncə, ehtiyac yoxdur. Çünki xarici siyasətin proqramlanması lap əvvəldən başlayaraq yanlışlarla doludur. 1918-ci ildə qurulan ilk respublika dövründə də eyni problemlərin şahidi olmuşuq.

Türkiyə və Azərbaycanla müharibə şəraitində olan Ermənistan iddialarına Gürcüstanı da əlavə etmişdi. “Tarixi erməni torpaqlarını azad etmək” adı altında xarici siyasət formalaşdırılmış və cənubi Gürcüstan torpaqlarını ələ keçirməyə çalışmışdı. Bu gün də məntiq eynidir. Ermənistan daim əzilən, əzabkeş ölkə obrazı yaradır və münaqişəli vəziyyət yaradaraq siyasət qurmaq məqsədi güdür. Bundan isə zərər görən tərəf yenə də özüdür.     

Türkiyə son illərdə Ermənistana barışıq əlini uzadaraq ən doğru addımını atıb. Çünki bununla da dünya ictimaiyyətində formalaşan “təzyiq edən və embarqo qoyan Türkiyə” anlayışı aradan qaldırılmışdır. Türkiyə sülhün düzgün diplomatiya kursu tutmaqla baş tuta biləcəyinə inanır və bölgədə asayişin bərqərar olması üçün Qarabağ məsələsi ilə də yaxından maraqlanır.

Bir tərəfdən Ermənistanı qucaqlayıb digər tərəfdən də Azərbaycanı xaric etmək həm Türkiyənin bölgənin güclü dövlətinə çevrilmək, həm də Azərbaycanla strateji müttəfiq olmaq istəklərini puç edərdi.

Bugünkü vəziyyətdə Türkiyə Qarabağ kimi mühüm bir məsələnin həllini şərt kimi səsləndirərərk sülhün bərqərar olacağını bəyan edir. Bu da Ermənistanın dərhal qəbul etməsi vacib olan bir məsələdir. Əlbəttə ki, Ermənistan öz iradəsi ilə nə dərəcədə hərəkət edə bilir. Bu da yaranan bir başqa sualdır.   

- Fransa Senatında qondarma “erməni soyqırımı”na dair məlum qanunun hazırlanması Türkiyə ilə Ermənistan arasındakı əlaqələrə necə təsir göstərəcək?

– Fransa belə demək mümkündürsə, ermənilərin nəzərində yüksəlmək üçün öz ayağının altını qazdı. Nəticədə yenə də Türkiyənin istədiyi oldu. Qısa müddət davam edən gərginlikdən sonra Ermənistan da Fransanın yetərincə səy göstərmədiyini bəyan edərək lobbi fəaliyyətlərinə daha çox önəm verəcəyini bildirdi. Bu isə bir növ soyuq müharibə şəraiti deməkdir.

“Fransa olmasa, ABŞ olar” deyən Ermənistanın Türkiyə ilə münasibətləri onsuz da dondurulmuş vəziyyətdədir. Bu məsələdə nə bir irəliləyişdən, nə də geri çəkilmədən söhbət gedə bilməz. Sadəcə olaraq, parlament və prezident seçkiləri dövründə bu mövzular siyasi arqument kimi istifadə edilərək Türkiyə əleyhinə daxili siyasətdə təbliğat vasitəsinə çevrilir.

Demək olar ki, bu məsələnin Türkiyə-Ermənistan münasibətlərinə çox da təsiri yoxdur. Bu mövzu daim Türkiyəyə münasibətdə düşmənçilik mövqeyini qızışdıran diasporun məsələsidir. Əlbəttə ki, Ermənistanda da bu hadisələr davamlı olaraq izlənilir və ermənilər özlərinin mənafeyinə uyğun atılan addımlardan qürur duyduqlarını bəyan edirlər.

Yaxın günlərdə Fransada keçirilən bir kitab sərgisində Türkiyə stendlərinə hücum edən erməni qrupların həmin iyrənc davranışı Ermənistanda qəhrəmanlıq kimi qələmə verildi. Eyni şəkildə, Livanda türk siyasətçilərə hücum edən ermənilər üçün də eyni qəhrəman obrazı yaradıldı.  

- Fransada prezident seçkiləri yaxınlaşır, namizədlərin çoxusu qondarma “erməni soyqırımı”nı tanıyacaqlarını vəd edirlər. Sizcə, bu vədlər həqiqəti əks etdirirmi və o zaman bu, Türkiyə-Fransa münasibətlərinə necə təsir göstərəcək?

– Bu tamamilə səs toplamaq üçün ortaya atılan iddialardan başqa bir şey deyil. Siyasətçilərin buna ehtiyacı var. Fransada da, digər ölkələrdə də eyni vəziyyət yaşanmaqdadır. Lakin əsl siyasətin mənafe donu geydirilmiş  obrazı tamam başqa mövzudur və siyasətçilər qəsdən bunu görməməzliyə vururlar.

Nəticədə əsl siyasət qazanır və Türkiyə əleyhinə yürütdükləri mövqe yenə də onların özlərinə ziyan vermiş olur. Bu gün ermənilərin Türkiyə əleyhinə rahat şəkildə çıxış edə biləcəkləri, ozlərini daha rahat hiss etdikləri ölkə Fransadır. Artıq Fransanın bu mövzuda atacağı addımlardan bəhs etməsi belə, Türkiyə-Fransa münasibətlərinə zərər verməkdədir.

Ancaq Türkiyə bu mövzu ilə bağlı qətiyyətini artıq ortaya qoyub. Sağ yönümlü fransız siyasətçilər də məsələnin son dərəcə məntiqsiz olduğunu, Fransanın daha vacib məsələlərlə maraqlanması lazım olduğunu bəyan ediblər. Həm də bir məsələni də araşdırmaq lazımdır: sağyönümlülüyün yüksəlməyə başladığı və azlıqların davamlı olaraq təzyiqə məruz qaldığı Fransada nə üçün ermənilərə münasibətdə fərqli münasibət nümayiş etdirilir?

Bu, tamamilə diasporanın fəal surətdə apardığı işlərin nəticəsidir. Bunun qarşılığında Türkiyə də ciddi addımlar atmağa başlamalıdır. Sadəcə Türkiyə yox, Türkiyənin dostu olan hər bir ölkənin bu mövzuya həssaslıqla yanaşmasına ehtiyac var. Xüsusilə, Azərbaycan bu mövzu ilə bağlı müsbət töhfələr vermək iqtidarındadır. Çünki Avropada Azərbaycanın səmərəli təsirə malik lobbi fəaliyyətləri var.

Ümid edirik ki, bu qarma-qarışıq vəziyyət sağ yönümlü mövqelərin səyi nəticəsində aradan qalxacaq və həqiqətən də məsələlərin müzakirəsi ifadə azadlığının pozulmaması şəraitində təmin ediləcək.

Əks halda, bu soyuq müharibə hələ uzun müddət enerji itkisinə gətirib çıxaracaq. Diaspor ilə dialoq yaratmaq mümkün deyil, çünki onlar məhz bu münaqişənin mövcudluğundan bəhrələnməkdədirlər. Lakin Ermənistan daha məntiqli addımlar ataraq belə bir dialoqun təmin edilməsinə şərait yarada bilər. Buna onun ehtiyacı var.

URL: http://www.gun.az/interview/33496

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: Free Web Space | Thanks to Best CD Rates, Boat Insurance and software download